30 İyun – Milli Sevgililər Günü

Xəbərlər

30 iyun Azərbaycanda Milli Sevgililər günü kimi qeyd olunur.
Bu günün özəlliyi 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.
İlham Allahverdiyev 1962-ci ildə Ağdamda dünyaya gəlib. İlham Ağdamdakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda – nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Hərbi xidməti başa vurandan sonra Bakıya qayıdan İlham Gəmi Təmiri Zavodunda işə başlayıb. Həmin zavod bu gün İlham Allahverdiyevin adını daşıyır.
Fərizə Allahverdiyeva 1970-ci ildə Ermənistan SSR, Spitak rayonunun Saral kəndində anadan olub. 1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi idi. Cütlük İlhamın bacısının sayəsində tanış olub və 1989-cu il iyunun 30-u ailə qurub.
1990-cı ilin yanvarında İlham və Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır.
İlham həmin gecə, hazırkı “20 Yanvar” dairəsində vurulub. İlhamı həmin günü xəstəxanalardan birində tapıblar. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. Sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar.
Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Depressiyada olan Fərizəni evdəkilər gözdən qoymurlar. Ancaq gecə hər kəs yuxuya getdikdən sonra Fərizə bir qab sirkəni içərək intihar edir.
O bətnindəki körpəni də özü ilə məzara aparır.
İlham və Fərizə təmiz, saf sevgiləri ilə insanların yaddaşında, qəlblərinin orta yerində dərin kök salıblar. Milyonlara sərgilədikləri cəsarətləri ilə, ölümsüzlükləri ilə əbədi olaraq müqəddəsləşiblər, sevgilərini dastanlara çeviriblər.
2003-cü ildən bu yana İlham və Fərizənin əbədi sevgisi bir daha əbədiləşdirildi, artıq 17 ildir ki, onların toy günü-30 iyun Azərbaycan cəmiyyətinin “Sevgililər Günü”nə çevrilib. Hər il 30 iyun tarixi ölkəmizdə sevilərək qeyd edilir.  

https://gencsenbasla.az

Facebook Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir